Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000km, şimaldan cənuba doğru isə 16.000km məsafədə uzanır.
Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir
Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022m) bu okeandadır. Filippin dənizi də burada yerləşir. Okeanın şərqində sahil xətti az girintili-çıxıntılıdır, qərbində — Avrasiya sahillərində bir çox yarımadalar vardır. Bunlardan Kamçatka, Koreya yarımadası, Hind-Çin, Malakka yarımadalarını göstərmək olar. Sakit okeanın 19-dan çox dənizi var. Bunların əksəriyyəri okeanın qərbində, Avrasiya ilə adalar arasında yerləşir. Sakit okeanda 10.000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yaponiya adaları, Filippin adaları, Kalimantan və Yeni Qvineyadır. Saxalin adası materikdən Tatar boğazı ilə ayrılır.
Sakit okean qütb iqlim qurşaqlarından başqa bütün iqlim qurşaqlarında yerləşir. Sakit okeanda 25° şimal və cənub enlikləri arasında passat küləkləri hakimdir. Qərb hissəsində musson küləkləri əmələ gəlir. Yayda cənub-şərqdən əsən musson küləkləri rütubətli okean havasını Cənub-Şərqi Asiya və Çinin bir hissəsinə doğru aparır. Qışda materikdən soyuq və quru musson küləyi əsir ki, bu da okeanın iqliminə xeyli təsir göstərir, hətta okeanın kənar dənizlərinin bir hissəsi buzla örtülür. Okeanda temperatur paylanması üfüqi zonallığa uyğun gəlir. Tropik qurşaqda 25–27 °C hərarət olur. Şimala və cənuba getdikcə temperatur aşağı düşür. Ekvator boyunca böyük bir zolaqda
yağıntının miqdarı 2000–3000mm-dir. Havay adalarında illik yağıntının miqdarı 3500–4000mm, Kauan adasında bəzi illərdə 12.000mm-dən çox olur. Sakit okeanda yağıntılar buxarlanmalardan üstündür. Bu isə okeanda səth sularının duzluluğunun aşağı olmasının əsas səbəblərindəndir. Sakit okeanın maksimum duzluluğu 35 promilldir. Çay mənsəblərində bu göstərici çox aşağıdır. Sakit okeanın qərb hissəsinə yağıntı az düşür, bu ərazidə güclü qasırğalar olur. Mülayim enlikdə bütün fəsillərdə fırtınalar tüğyan edir, tez-tez qasırğalar baş verir. Qasırğalar okean suyunu bütöv bir dağ kimi göyə qaldırır, dalğaların hündürlüyü bəzən 25 metrə çatır ve daha çox. Bu ise sahil zonasina boyuk daginti verir, xeyli insan heyatini itirir.
Sakit okeanda qütb qurşaqlarından başqa bütün iqlim qurşaqları mövcuddur. Bunların hər birinin də öz xüsusiyyəti vardır. Tropiklər arasında okeanın böyük ərazi tutması nəticəsində Sakit okean suları digər okean sularından daha istidir. Suyun temperaturu tropiklər arasında 19 °C, ekvatorda isə 29°C-dir. Antarktika sahillərində isə suyun temperaturu −1°C-yə qədər düşür. Qütbyanı qurşaqdakı dənizlərdə sular intensiv qarışır, ona görə də suda balıq daha çox olur. Burada qızılbalıq, mintay, kambala, siyənək balıqları ovlanır. Şimal mülayim qurşaq çox böyü ərazini əhatə edir. Bu qurşaq qərb küləklərinin güclü təsiri altındadır. Burada tez-tez fırtınalar olur. Mülayim qurşağın qərb hissəsi dəniz orqanizmlərinin növ müxtəlifliyinə görə ən zəngin ərazidir. Ekvatorial qurşaq üçün müxtəlif cərəyanların mürəkkəb qarşılıqlı təsiri səciyyəvidir. Cərəyanların sərhədlərində dərinlik sularının səthə doğru qalxması güclənir, bu sahələrdə bioloji məhsuldarlıq artır. Bu qurşağın qərb hissəsində özünəməxsus təbii kompleks əmələ gəlir. Zond adaları və Şərqi Avstraliya sahilləri yaxınlığında şelflərdə canlı aləm daha zəngindir. Sakit okeanın cənub tropik qurşağında, Avstraliya sahilləri yaxınlığındakı Böyük Sədd Rifi təbii kompleksi vardır. Bu, yer üzərində mərcanlar tərəfindən yaradılan ən iri dağ silsiləsidir. Mərcanlar açıq-yaşıl, sarı, qırmızı, mavi, bənövşəyi rəngdə olur. Burada çoxlu molyusklar, dərisitikanlılar, müxtəlif balıqlar yaşayır. Tropik qurşağın suları balıqlarla olduqca zəngindir. Burada 2000-ə yaxın balıq növü yaşayır. Mülayim qurşaqda yerləşən Berinq dənizində də balıq növləri çoxdur (təxminən 800-ə qədər). Ümumiyyətlə tropik qurşağın sularında üzvi aləm zəngindir. Sakit okeanın cənub sahillərində Antarktidadan üzüb gələn aysberqlər müşahidə olunur. Gəmiçilik üçün təhlükəli olan bu nəhəng buz dağları 40°Cənub enliyinə qədər gələ bilirlər.
Sakit Okean
Atlantik Okean
Hind Okeanı
Şimal Buzlu Okean