Cənubi Amerika Qərb yarımkürəsində yerləşən iki materikdən biri və Amerika qitəsinin bir hissəsidir. Şimali Amerika ilə onu ensiz Panama bərzəxi birləşdirir, bərzəxin ensiz və alçaq hissəsində çəkilmiş Panama kanalı isə ayırır. Şimali Amerika ilə quru əlaqəsi əvvəllər mövcud olmamışdır. Bu əlaqə yalnız Kordilyer dağlarının yarandığı vaxt litosfer tavalarının sərhəddində qalxma prosesi nəticəsində meydana gəlmişdir. Cənubi Amerika digər materiklərdən xeyli aralı yerləşmişdir. Cənubda Antarktidadan onu Dreyk boğazı ayırır. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur, yalnız cənub sahillərində onların sayı artır. Cənubda Magellan boğazı Odlu Torpaq adasını materikdən ayırır. Materikdə ən hündür dağ gölü olan Titikaka yerləşir
Cənubi Amerika Amerika qitəsində ABŞ-dən cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid olan ispan (62%), portuqal (34%) və fransız dillərində danışır. Buna görə də region Latın Amerikası adlandırılır. Latın Amerikası ölkələrinin əksəriyyəti XIX əsrdə müstəqillik qazanmışdır.
Təbii zonaları və daxili suları
Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır:
Rütubətli ekvatorial meşələr zonası
Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası
Savannalar zonası
Çöl zonası
Səhra və yarımsəhra zonası
Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası.
Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorial meşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng suilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşular, kolibri quşu, qartallar, kəpənəklər, böcək və digər həşaratlar vardır.
Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları – Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır.
Pataqoniya.
Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa – ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldar qırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuba doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar.
Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir.