Afrika

Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.

Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbiyyad və ya Ben Sekka burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi. Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Yüksəliş, Müqəddəs Yelena adaları da buraya aiddir. Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrika qitəsi sivilizasiyanın beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb. Afrika Onun cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. İngilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vavilov şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir. Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var. Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları azdır