Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir[1]. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir[2]. Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır. Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.
Çayları və gölləri Daxili suların həcminə görə Avrasiya ən zəngin materik hesab olunur. Daxili suların istər ərazi üzrə paylanmasına, istərsə də qidalanmasına və rejiminə görə materikin ayrı-ayrı hissələri arasında xeyli fərq var. Dünyada uzunluğu 4000 km-dən çox olan 14 çaydan 7-si məhz bu materikdə yerləşir. Ən böyük gölü Xəzər, ən uzun çayı Yantszıdır — 5800 km. Dünyanın ən dərin şirinsulu gölü Baykal ,ən duzlu gölü Ölü dəniz məhz Avrasiya materikindədir. Pamir dağlarında isə uzun dağ-dərə buzlağı — Fedçenko buzlağı yerləşir. Avrasiyanın çaylarının fiziki xəritəni nəzərdən keçirsək, materikin kənarlarında çay şəbəkəsinin daha sıx, cənub-qərb hissəsində və daxili rayonlarında isə seyrək olduğunu müşahidə edərik. Çaylar materikin daxilindəki dağlardan, yüksəklik və yaylardan başlayaraq müxtəlif istiqamətlərdə axır. Töküldüyü yerdən asılı olaraq, Avrasiyanın çayları 5 hövzəyə bölünür. Burada dörd böyük okean hövzəsi ilə yanaşı dünya okeanına çıxışı olmayan daxili (axarsız) hövzə də geniş sahə tutur. Daxili hövzə materikin 1/3 hissəsini əhatə edir. İqlim şəraitindən asılı olaraq, qidalanmasına və rejiminə görə çaylar bir-birindən xeyli fərqlənir. Müxtəlif hövzələrə məxsus çayların qidalanmasında və su rejimindəki fərqlərin əsas səbəbi yağıntıların illik miqdarı, onun fəsillər üzrə paylanması və buxarlanmadır. Avrasiyanın Şimal Buzlu okeanı hövzəsinə aid olan çayları — Ob, Yenisey, Lena , Peçora və s. Bu çaylardan Ob ən uzun, Yenisey isə ən bol sulu çay hesab olunur. Hövzənin çayları yuxarı axarda dağ çayları, orta və aşağı axarlarda isə tipik düzənlik çaylarıdır. Çayların böyük məsafədə cənubdan şimala və müxtəlif iqlimə malik olan ərazilərdən keçməsi onların rejiminin mürəkkəbliyinə səbəb olmuşdur. Bu çayların əksəriyyətinin qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. İlin çox hissəsini bu çaylar donur. Yazda buzdan azad olan çaylarda güclü daşqınlar əmələ gəlir. Atlantik okeanı hövzəsinin çayları Avropanın yüksəkliklərindən, dağlardan başlayır. Burada çay şəbəkəsi daha sıx olsa da, uzun çaylar yoxdur.