Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir. Lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir. Coğrafiyanin tarixi Əsas məqalə: Coğrafiya tarixi Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür. Qədim dövr. Orta əsrlər dövrü (V–XIV əsrlər). Böyük coğrafi kəşflər dövrü (XV–XVII əsrlər). Müasir coğrafi tədqiqatlar dövrü. Qədim dövr İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişdirlər. Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfa birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.
Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur.Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dörd cəhətin olması fikri şumerlərə məxsusdur. Qədim Babilistana aid olunan (E.ə V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmış.
- Materik
- Okean
- Dağ
